Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi
Bakı, 4 noyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Ayısəsi Dərələyəz mahalının Ayısəsi kəndində yerləşən alban məbədidir. Dərələyəz mahalı 1931-ci ildən Keşişkənd, 1935-ci ildən Mikoyan, 1957-ci ildən isə Yeğeqnadzor rayonu adlandırılıb. Kəndin adı 1946-cı ildən Qızılgül, 1991-ci ildən isə Arates olaraq dəyişdirilib. Hündür bir təpənin üstündə VII-VIII yüzillərdə inşa edilmiş məbəd 1270-ci ildə bərpa olunub, Amağu məbədinin tabeliyinə keçibş və Siyuni mitropolitlərinin yay iqamətgahına çevrilib.
Məbədin cənubdan şimala doğru uzunluğu 30 metr, qərbdən şərqə tərəf eni 25 metr, hündürlüyü 7 metrdir. Məbəd 3 hissədən ibarət olub və bu hissələr müxtəlif dövrlərdə inşa edilib.
Kənd 1918-ci ildə erməni daşnak dəstə başçılarından Yaponun və Doluxanovun komandası altında yerlə-yeksan olmuş, əhalisi soyqırımına məruz qalaraq qovulmuşlar.
1955-1960-cı illər arasında bir neçə erməni tarixçisi və arxeoloqunun müşayiəti ilə Fransadan gəlmiş nümayəndə heyəti Ayısəsi məbədində tədqiqat işləri aparıb, sonra abidəni bərpa etmək adı ilə onun üzərinə döymə üsulu ilə xaç şəkilləri həkk edilib, binanın ilk Günəş şüası tutan hissəsindəki günbəz dağıdılıb yerə tökülüb.
Ayısəsi kəndinin adı dəyişdikcə məbədin də adı dəyişmişdir. Hazırda ermənilər məbədin adını Arades kilsəsi kimi qeyd edirlər.
1988-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Həmin il azərbaycanlılar qovulduqdan sonra ermənilər kəndə yiyələniblər.