İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı tarixən İçərişəhərdən başlayan inkişaf yolu keçərək bu gün Abşeron yarımadasının böyük hissəsini əhatə edən geniş şəhər aqlomerasiyasına çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Sumqayıt və Xırdalan şəhərləri inzibati baxımdan Bakıdan ayrı olsa da, urbanizasiya prosesləri nəticəsində vahid, böyük şəhər məkanının formalaşmasında mühüm yer tutur. R.Qasımovun sözlərinə görə, Bakı şəhərinin Baş Planı dörd əsas prinsip üzərində qurulub.
“Bunlara dayanıqlı şəhər inkişafı, şəhər və ətraf mühitin regenerasiyası, tarixi-memarlıq irsinin qorunması və yeni şəhər iqtisadiyyatının formalaşdırılması daxildir. 2040-cı ilədək Bakının polisentik şəhər modelinə keçirilməsi nəzərdə tutulur. Bu yanaşma paytaxtın müxtəlif ərazilərində altmərkəzlərin inkişafını, onların iqtisadi və funksional baxımdan bir-birini tamamlamasını, həmçinin səmərəli nəqliyyat əlaqələrinin yaradılmasını hədəfləyir. Baş Plan çərçivəsində 15 dəqiqəlik şəhər konsepsiyasının tətbiqi də nəzərdə tutulur. Məqsəd sakinlərin gündəlik ehtiyac duyduqları xidmətlərə, sosial infrastruktura və digər vacib məkanlara qısa müddətdə çıxışını təmin etməkdir”, - deyə idarə rəisi vurğulayıb.
R.Qasımov ekoloji məsələlərin də Baş Planın prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2020-ci ildə Bakıda adambaşına düşən ictimai yaşıllıq sahəsi 3,5 kvadratmetr təşkil etdiyi halda, 2040-cı ilədək bu göstəricinin 8,7 kvadratmetrə çatdırılması planlaşdırılır: “Böyükşor, Zığ, Xocəsən və digər göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, çirklənmiş ərazilərin bərpası və şəhərin müxtəlif hissələrini birləşdirən hibrid yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur. Böyükşor gölü ətrafında bu istiqamətdə işlərə artıq başlanılıb”.