Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb
İstanbul, 4 noyabr, AZƏRTAC
Türkiyənin Bursa şəhərində “Xarıbülbüldən Laləyə: Qardaşlıq bağları” mövzusunda əl işləri sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Qarabağ Zəfərinə və 8 Noyabr – Zəfər Gününə həsr olunan sərginin əsas məqsədi iki qardaş xalqın ortaq mədəni irsini, qadınların əl sənətləri sahəsindəki yaradıcılığını və milli sənət ənənələrini tanıtmaq, mədəniyyət vasitəsilə Azərbaycan-Türkiyə qardaşlıq və həmrəylik münasibətlərini daha da möhkəmləndirməkdir.
Sərgi Bursa-Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİDD) təşəbbüsü, Bursa Böyükşəhər Bələdiyyəsinin, Bursa şəhər Şurasının və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə təşkil olunub.
Sərginin ərsəyə gəlməsində rəssamlar Ramila Özden və Əminə Yılmazın yaradıcılıq fəaliyyəti və sənət töhfələri xüsusi yer tutur. Təqdim olunan əl işlərində Azərbaycan və Anadolu mədəniyyətinin zəngin irsi, milli ornamentlər, ənənəvi naxışlar və xalqlarımızın mənəvi bağlılığı öz əksini tapıb.
Açılış mərasimi bədii proqramla davam edib.
Sərgi 8 Noyabr - Zəfər Gününədək ziyarətçilər üçün açıq olacaq.