Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan cari ilin 9 ayında xarici ticarət saldosu 25 faiz artaraq 7,1 milyard dollar profisitlə formalaşıb.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
“İqtisadi artım amili ilə yanaşı, şəffaflaşma və iqtisadiyyatın ağarması da ölçülə bilən fiskal nəticələr verir. Cari ilin 9 ayında vergilər üzrə proqnoz 107,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 102,9 faiz icra edilib, illik proqnozun 80,6 faizi isə artıq təmin olunub. Vergi daxilolmaları 9,4 faiz, qeyri-neft-qaz vergiləri isə 12,6 faiz artıb — bu, qeyri-neft-qaz ÜDM-in nominal artım tempini (7,6 faiz) üstələyir. Qeyri-neft-qaz sektorundan daxilolmaların 75 faizi özəl bölmənin payına düşür”, - deyə o qeyd edib.
Aparat rəhbəri bildirib ki, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərində qeyri-neft-qaz vergi daxilolmalarının payı isə 63 faizi ötüb: “Məcburi dövlət sosial sığortası 8,5 faiz artıb və bu tədiyə növü üzrə 5 milyard manat toplanıb, proqnoz 105,6 faiz icra olunub. Əmək bazarının şəffaflaşması şəraitində sosial sığorta daxilolmalarının son illərdə davamlı artması Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının güclənməsinə əhəmiyyətli töhfə verir. Belə ki, DSMF gəlirlərində büdcədən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 9 ayında 20 faizə enib. İqtisadiyyatda “ağarma” prosesinin ən etibarlı ölçülərindən biri uçota düşən ödəyici və obyekt sayıdır. Belə ki, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. Cari ildə də bu proses davam edib”.