Dayanmadan yaşayan Dubay: dəniz macəralarından gələcəyin incəsənətinə qədər
Bakı, 19 oktyabr, AZƏRTAC
Çimərlik istirahətinin rəqəmsal eksperimentlərlə vəhdət təşkil etdiyi, ailəvi əyləncələrin özünəməxsus bir dünyaya çevrildiyi, memarlıq rekordlarının isə gündəlik mənzərənin ayrılmaz hissəsi olduğu Dubay səyahətindən aldığımız təəssüratları bir məqalədə əks etdirmək çətindir. Bununla belə, əmirliyin fantastik yeniliklərindən — interaktiv instalyasiyalardan, nəfəs kəsən attraksionlardan, alış-veriş imkanlarından və Dubayın gələcəyin şəhəri haqqında təsəvvürünü əks etdirən layihələrdən bəhs etmək üçün bunu etməyə çalışdıq.
Su, günəş və bir az adrenalin
Dubayla tanışlığa müxtəlif yollarla başlamaq olar, lakin burada su əyləncələri, demək olar ki, həmişə diqqət mərkəzindədir. 2026-cı ilin mayında genişmiqyaslı abadlaşdırma işlərindən sonra açılan “Khor Al Mamzar Beach” əmirliyin dənizkənarı ictimai məkanlara necə yeni yanaşdığını göstərən nümunədir. Ərazinin əsas yeniliklərindən biri suyun üzərində salınmış üzən piyada yoludur. Bu yol sahilyanı ərazinin iki hissəsini — laqunun yanındakı çimərliyi və “Al Mamzar Corniche” sahilboyu gəzinti zonasını birləşdirir. Bu, regionda ilk belə qurğudur. Burada gəzinti sahil mənzərəsinə qeyri-adi rakursdan baxmağa imkan verir. Bundan əlavə, gecə saatlarında çimmək üçün 300 metrlik işıqlandırılmış sahə də yaradılıb. Bu, Dubay üçün olduqca praktik qərardır: isti aylarda axşam saatlarında dəniz kənarında istirahət gündüzlə müqayisədə daha rahat ola bilər.

Çimərlik istirahətinə fərqli prizmadan baxmaq üçün daha bir məkan “Jumeirah Beach 2” ictimai çimərliyidir. “Jumeirah Beach 2”, “World Disability Union” təşkilatının “Gold Accessibility Certification” sertifikatına layiq görülərək ilk Dubay çimərliyi olub. Rəsmi adın arxasında mühüm bir ideya dayanır: ictimai məkan yalnız rahat hərəkət edən və ətraf mühitdə asanlıqla istiqamət tapan insanlar üçün deyil, hamı üçün əlçatan olmalıdır. Çimərlikdə xüsusi ehtiyacları olan insanların rahatlığını təmin etmək məqsədilə uyğunlaşdırılmış marşrutlar, suya çıxışı asanlaşdıran avadanlıqlar, istirahət yerləri və digər imkanlar yaradılıb. Burada, həmçinin autizmli və sensor həssaslığı yüksək olan ziyarətçilər üçün sensor otağı istifadəyə verilib. Bələdiyyənin məlumatına görə, bu, regionda çimərlik ərazisində yaradılmış ilk belə otaqdır.
Dəniz kənarında günü Jumeirah-1 rayonunda, əvvəlki La Mer ərazisində yerləşən “J1 Beach” çimərlik klublarından birində də keçirmək olar. Burada “Bâoli, Gigi Rigolatto, Sakhalin” və digər dəbli məkanlar fəaliyyət göstərir. Bu məkanlarda çimərlik istirahətini terrasda nahar, dənizdə və ya hovuzda üzməklə birləşdirmək mümkündür. Buraya həm Dubay sakinləri, həm də öz çimərliyi olmayan şəhər otellərində qalan turistlər gəlirlər.
Günəşin ilin böyük hissəsində səxavətlə istilik bəxş etdiyi Dubayda hovuzlar və su parkları da şəhər mədəniyyətinin ayrılmaz hissəsidir. Buna görə də bu il mövcud su parklarının sırasına daha birinin əlavə olunması təəccüblü deyil. “Grand Hyatt Dubai Waterpark” şəhər sərhədlərini demək olar ki, tərk etmədən bütöv bir macəra günü yaşamağın mümkün olduğunu göstərir. Təxminən 20 min kvadratmetr ərazidə yerləşən kompleksdə su sürüşkənləri, süni dalğalı hovuz, dolama formalı “tənbəl çay” və ən kiçik ziyarətçilər üçün zonalar var. Burada ümumilikdə 16 əsas attraksion nəzərdə tutulub. Xüsusi diqqətə layiq olan “FlowRider” süni dalğada sörfinq təcrübəsi yaşamağa imkan verən simulyatordur. Onun üçlü konfiqurasiyası Yaxın Şərqdə bu tipli ilk qurğudur.
Rəqəmsal dalğalar və neon rənglərin coşqusu
Su əyləncələrindən rəqəmsal dünyaya keçid edək. Dubayda ticarət mərkəzlərinə baş çəkmək nadir hallarda yalnız alış-verişlə məhdudlaşır. Buradakı mallar çoxdan istirahət, görüşlər, əyləncə və yeni asudə vaxt formatları ilə tanışlıq üçün müstəqil məkanlara çevrilib. “Dubai Mall”un tam mərkəzində yerləşən yeni “Arte Museum Dubai” bunun əyani nümunəsidir.
Muzeyin ekspozisiyası immersiv təcrübə ideyası üzərində qurulub. Təsvirlər böyük səthlər boyunca canlanır, işıq və səs xüsusi atmosfer yaradır, bəzi məkanlarda isə vizual effektlər müxtəlif qoxularla birləşdirilir. Müəlliflər bu konsepsiyanı “Əbədi təbiət” (Eternal Nature) adlandırırlar və bu ad özünü tam doğruldur. Qaranlıq zallara daxil olan kimi xarici dünya ilə əlaqənizi itirirsiniz. Nəhəng rəqəmsal dalğalar dövri şəkildə üzərinizə gəlir və sanki ayaqlarınızın altında parçalanır, başınızın üzərində ucsuz-bucaqsız bağlar çiçəklənir, havada isə meşə və dəniz mehinin ətri dolaşır. Səs, vizual effektlər və hətta qoxular o qədər incə şəkildə sinxronlaşdırılıb ki, şüur baş verənlərin gerçəkliyinə tərəddüdsüz inanır. Belə format tamaşaçının ənənəvi rolunu dəyişir. Arte Museum isə texnologiyaların yalnız səmərəliliyi artırmaq üçün deyil, həm də yeni istirahət formaları yaratmaq üçün istifadə olunduğu müasir Dubay obrazına mükəmməl uyğunlaşır.
Digər yenilik — “House of Hype” — neon rənglərin və küçə mədəniyyətinin əsl partlayışıdır. Məkan sosial şəbəkələr nəslinə hesablanıb, lakin hər kəsi özünə cəlb edir. Ziyarətçilər futuristik dekorasiyaları xatırladan otaqlarda sərbəst gəzə, işıqlı instalyasiyaların üzərində tullana və hərəkətlərə uyğun olaraq ətrafdakı məkanı dəyişən interaktiv zonaları sınaqdan keçirə bilərlər.
“Black Bunny Dubai” də şəhərdə məzmunlu istirahət imkanlarını genişləndirən məkanlardan biridir. Yeni qapalı əyləncə mərkəzində arkada oyunları və VR-attraksionlar, batut parkı və dırmanma divarı, boulinq, mini-kartinq və uşaqlar üçün oyun zonası bir araya gəlib.
Bununla belə, şəhər rəqəmsal proyeksiyalar olmadan da təəccübləndirməyi bacarır. Bunun üçün onun memarlığına nəzər salmaq kifayətdir. Dubayın ən diqqətçəkən yeni siluetlərindən biri “Ciel Dubai Marina” otelidir. Otel 2025-ci ilin noyabrında açılıb və ayrıca dayanan binada yerləşən dünyanın ən hündür oteli kimi rəsmi şəkildə tanınıb. Təxminən 377 metr hündürlüyündə olan binanın 82 mərtəbəsi var. Bu qüllə Dubayın mühəndislik ambisiyalarını şəhər mənzərəsinin bir hissəsinə çevirməsinin daha bir nümunəsidir.
Bir məkanda sonsuz macəralar
Əyləncə sənayesinin həqiqi miqyasını “IMG Worlds of Adventure” parkında gördük. Bu nəhəng qapalı park sahəsinə görə rekordçudur: onun ərazisi təxminən 28 futbol meydançasına bərabərdir. Üstəlik, istənilən hava şəraitindən və istidən tam qorunmaq imkanı yaradır. Parkın ərazisinə daxil olan kimi özünüzü geniş və rəngarəng bir dünyanın içində itirirsiniz. Burada məşhur personajlara, dinozavrlar arasında macəralara və parkın öz fantastik süjetlərinə həsr olunmuş altı tematik zona yerləşir. Bir neçə saat ərzində 3D illüziyaları dünyasından tarixəqədərki dövrün dekorasiyalarına keçmək, daha sonra isə ekstremal əyləncələri yeni səviyyəyə qaldıran attraksionların həyəcanını yaşamaq mümkündür.
Məsələn, Predator roller-kosterində 97 dərəcə bucaq altında baş verən çılğın şaquli enişin özü nəyə desən dəyər! Lakin ziyarətçilərin əsas sevimlisi, əlbəttə ki, “İtirilmiş vadi”dəki məşhur Velociraptor attraksionudur. Bu katapult tipli roller-koster cəmi 2,5 saniyəyə saatda 100 kilometr sürət yığır. O, sizi sərin kondisionerli pavilyondan bir anda səhranın qızmar genişliklərinə çıxarır, başgicəlləndirici dörd dövrə vurur və inanılmaz sürətlə yenidən örtülü məkana qaytarır.
Şəhər marinasından açıq dənizə
Dubayı fərqli rakursdan görməyin ən yaddaqalan yollarından biri dəniz gəzintisinə çıxmaqdır. “Xclusive Yachts” şirkətinin üç saatlıq “Superyacht Tour” turu Dubai Harbour limanından başlayır. Buradan Dubai Marina, Palm Jumeirah və məşhur Burj Al Arab mənzərələri açılır.

“STARDOM” yaxtasına minmə saat 17:00-a planlaşdırılmışdı. Bu, günəşin üfüqə doğru yavaş-yavaş endiyi, göydələnləri yumşaq qızılı çalarlara boyadığı vaxtdır. Sudan baxanda müasir tikililərin miqyası xüsusilə aydın görünür: “Dubai Marina”nın qüllələri sıx memarlıq ansamblı yaradır, sahil xətti daha geniş açılır, şəhərin tanış görməli yerləri isə vahid panoramın elementləri kimi qavranılır.

Səyahət boyu qonaqlara müxtəlif qəlyanaltılar və sərinləşdirici içkilər təklif olunur. Dəniz gəzintisinin başqa bir üstünlüyü də Dubayın istisindən bir müddət uzaqlaşmaq imkanı yaratmasıdır. Gəmi sahildən aralanan kimi təravətləndirici meh əsməyə başlayır.
Dubay akvatoriyasında üzən katerlərin, yaxtaların və yelkənli qayıqların sayına baxanda bu istirahət növünün həm yerli sakinlərin, həm də turistlərin ürəyincə olduğu aydın görünür. Bəlkə də məhz belə anlarda dəniz marşrutlarının Dubayla tanışlığın niyə vacib hissəsi olduğunu daha yaxşı anlayırsan. Bu gəzintilər meqapolisin parlaq fasadının arxasında şəhərin insani tərəfini görməyə, həmçinin dənizin səhrada salınmış bu şəhərin xarakterini nə dərəcədə formalaşdırmağa davam etdiyini anlamağa imkan verir.
Hərəkət həyatdır!
Səfərini oktyabrın sonuna və ya noyabr ayına planlaşdıranları Dubay şəhər həyatına qoşulmağın daha bir yolu gözləyir — hər il keçirilən “Dubai Fitness Challenge. 2026-cı ildə tədbir onuncu dəfə, oktyabrın 31-dən noyabrın 29-dək keçiriləcək. İdeya sadədir: 30 gün ərzində hər gün ən azı 30 dəqiqəni fiziki fəaliyyətə həsr etmək. Həm şəhər sakinləri, həm də turistlər öz maraqlarına və hazırlıq səviyyələrinə uyğun məşğələlər seçərək təşəbbüsə qoşula bilərlər. Səyahət edənlər üçün bu, adi marşrutlarına qaçış, məşq və ya velosiped gəzintisi əlavə etmək, şəhəri hərəkət içində kəşf etmək imkanıdır.

Son söz əvəzi
Gördüyümüz kimi, Dubay müxtəlif ölkələrdən gələn qonaqlara açıqdır və həm sakinlər, həm də turistlər üçün dünyanın ən təhlükəsiz şəhərlərindən biri reputasiyasını qoruyaraq inkişafını davam etdirir. Reportajımızın növbəti hissəsində bu çoxşaxəli şəhərlə tanışlığımızı süni adalardan biri olan Palm Jumeirah-ı tərk etmədən davam etdirəcəyik. Adanın mərkəzində yerləşən Atlantis, The Palm kurortu özü-özlüyündə dünya nailiyyətləri fabriki sayıla bilər. Planetin ən böyük akvariumlarından birinə nəzər salacaq, Aquaventure World su parkında sərbəst düşmə effekti yaradan dünyanın ən hündür su sürüşkənində sürüşəcək və İspaniya mətbəxinin hansı yeməyinin Azərbaycan yeməyinə eynilə bənzədiyini öyrənəcəyik.