Şəkidə turizm yenilikləri: Hansı obyektdə nə dəyişib?
Şəki, 20 oktyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyi tərəfindən Şəki və ətraf ərazilərdə tarixi abidələrin bərpası, eləcə də yeni turizm məhsullarının yaradılması istiqamətində işlər davam etdirilir. Cari ildə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində bir sıra yeni turizm infrastrukturu istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli məlumat verib.
O diqqətə çatdırıb ki, ümumilikdə 3 mindən çox eksponatın qorunub saxlanıldığı Şəki Tarix-Diyarşünaslıq Muzeyində onların təxminən 2 mini nümayiş etdirilir: “Yeni açılan muzey turistlərin böyük marağına səbəb olub. Muzeyin yerləşdiyi binada bərpa və tərtibat işləri tam başa çatdırılıb. Bununla yanaşı, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində bərpa işləri yekunlaşıb və məkan muzey kimi fəaliyyətə başlayıb. Emalatxananın ətrafında usta və sənətkarların fəaliyyəti üçün xüsusi ərazilər salınıb. Həmin sahələr şəbəkə ustası Tofiq Rəsullunun və onun tələbələrinin istifadəsinə verilib. Qeyri-yaşayış binasında turistlərin ziyarət edə biləcəyi yeni məkan yaradılıb. XIX əsrə aid barıt anbarında isə duzçuluq emalatxanası fəaliyyətə başlayıb”.
M.Ağabəyli hazırda Şəkidə həyata keçirilən digər layihələr barədə də məlumat verib: “Yuxarı Baş” ərazisində Şəki Memarlıq Muzeyinin yaradılması, Kiş kəndindəki tarixi məscidin bərpası istiqamətində işlər davam etdirilir. Eyni zamanda, tarixi hamamların bərpasına da başlanılıb. Qoruğun ərazisində döşəmə örtüyünün yakın zamanlarda yenilənərək istifadəyə verilməsi nəzərdə tutulur”.
Müxbir - Fidan Əlizadə