Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənd şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diaspor üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfər salnaməsini əks etdirən “Şanlı tariximizin 44 günü” adlı fotosərgi təşkil olunub. Burada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad edilməsini və tarixi Qələbəmizin unudulmaz anlarını əks etdirən fotoşəkillər nümayiş etdirilib. Fotomateriallar tədbirdə iştirak edən dövlət və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. Səfir bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıq nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib, 2020-ci il noyabrın 8-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azad olunması ilə tarixi Zəfər qazanılıb.
Diplomat vurğulayıb ki, 8 Noyabr Zəfəri Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunub, ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub.
Tədbir konsert proqramı ilə davam edib.