SUMQAYITDA SANİTARİYA AYLIĞI
Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan qərargaha bir sıra xidmətlərin rəhbərləri və ictimaiyyətin nümayəndələri daxildir. Qərargahın birinci iclasında konkret tədbirlər müəyyənləşdirilmiş, reydlərin cədvəli təsdiqlənmişdir.
Qərargahın sədri, şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, mənzil istismarı sahələrinin əraziləri hər gün nəzərdən keçirilir, iri ticarət obyektləri, çimərliklər, bazarlar və s. yoxlanılır. Küçə ticarəti obyektlərinin fəaliyyətinə xüsusi diqqət yetirilir. Müəyyən edilmiş nöqsanları və sanitariya normalarından kənaraçıxma hallarını bir ay ərzində aradan qaldırmaq üçün şərait yaradılacaqdır. Qərargah üzvləri əmindirlər ki, müntəzəm nəzarət şəhərin sanitariya vəziyyətini, onun abadlaşdırılması işini kökündən yaxşılaşdıracaqdır.