SUMQAYIT İCRA HAKİMİYYƏTİNDƏ GÖRÜŞ
Sumqayıt məktəblərinin məzunları ölkənin ali məktəblərinə imtahan zamanı, bir ənənə olaraq, yüksək nəticələr göstərirlər. Bu il də 1358 abituriyentdən 569-u 400-dən yuxarı, 73 nəfər isə 600-dən çox bal toplamışdır.
Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev görüş istirakçılarını təbrik edərək xüsusi vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin təhsil sistemi quruculuğundakı məqsədyönlü fəaliyyəti, uzaqgörən siyasəti öz müsbət nəticələrini verir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanı, habelə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncamı əsası Heydər Əliyev tərəfindən qoyulmuş xəttin varisliyinə, dövlətin öz gənc vətəndaşlarına xüsusi diqqətinin parlaq sübutdur.
Tədbirdə çıxış edən məktəb rəhbərləri, tələbələr öz təəssüratlarını bölüşmüş, məktəblərdə təhsil prosesi üçün maksimum əlverişli şərait yaradılmasına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Ən yüksək bal toplayıb fərqlənmiş tələbələrin hamısına Şəhər İcra Hakimiyyəti adından pul mükafatları verilmişdir.