ABŞ-DA PALIDI “MİLLİ AĞAC” ELAN ETMİŞLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, ABŞ Konqresinin nümayəndələr palatası palıdın ABŞ-ın “milli ağacı” elan olunmasına dair qətnamə qəbul etmişdir. Qanun layihəsinin müəlliflərindən biri, respublikaçı konqresmen Bob Qudlett bildirmişdir ki, palıd ağacı ölkənin bütün 50 ştatının ərazisində bitir və o, böyük millətin xarakterinin əsas xüsusiyyətlərini - “gücünü, sarsılmazlığını və gözəlliyini” təcəssüm etdirir.
B.Qudlett ictimai rəy sorğusunun nəticələrini də xatırlatmışdır. Amerikalıların əksəriyyəti palıdı ölkənin daha bir rəmzi olmaq üçün ən münasib ağac hesab edir. ABŞ-ın artıq ağbaş dəniz qartalının timsalında ”milli quşu” və qızılğül kimi “milli gül”ü vardır.